Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və onun müasir dövrdə insan hüquqlarının inkişafında rolu.

September 4, 2024
Law

Açar sözlər: İnsan hüquqları,Ədalət, Bərabərlik, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Universal dəyərlər.

Keywords: Human rights, Justice, Equality, Universal Declaration of Human Rights, Universal values

Ключевые слова: Права человека, Справедливость, Равенство, Всеобщая декларация прав человека, Общечеловеческие ценности

Əgər davamlı sülh arzu edilirsə, insan kütlələrinin vəziyyətini yaxşılaşdırmaq üçün beynəlxalq tədbirlər görülməlidir. Bütün bəşəriyyətin xoşbəxtliyi- aclığı və zülmü əvəz etməlidir. Dünya vətəndaşları paxıllıqdan, xəsislikdən, nifrətdən uzaq olmaq üçün maariflənməlidirlər.
Mustafa Kamal Atatürk

İnsan hüquqları anlayışının məzmun baxımından dəqiq və hərtərəfli müəyyən edilməsi həyati əhəmiyyət kəsb edir. Ancaq insan hüquqları anlayışına açıqlıq gətirmədən öncə mütləq şəkildə hüquq anlayışının nə olduğu barədə qısaca məlumat əldə etməyimiz daha doğru olacaqdır. Çünki insan hüquqları universal hüquqların xüsusi bir parçası olduğu üçün, onun başa düşülməsi “hüquq” termininin anlayışından olduqca asılıdır və bir hüququn insan hüququ kimi müəyyən edilə bilməsi və başa düşülməsi üçün hüquq anlayışının nə olduğunu bilməyimiz vacibdir.

Hüquq anlayışı

Anlayışlar da canlılar kimi yaşadıqları bölgənin və meydana gəldikləri zamanın xüsusiyyətlərini daşıyırlar. Müxtəlif vaxtlarda və yerlərdə müxtəlif səbəblərdən anlayışların meydana çıxması universal çərçivənin qurulmasını çətinləşdirir. Hüquq və azadlıq anlayışları bunların ən məşhur nümunələridir.

İnsan digər canlılardan müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Onlardan biri də insanın öz iradəsi ilə hərəkət edə bilən bir xüsusiyyətə malik olan varlıq olmasındadır. Lakin bu hərəkəti qeyri-məhdud bir səlahiyyət kimi ifadə etmək olmaz. Çünki azadlığın qeyri-məhdud bir güc kimi qəbul edilə bilməyəcəyi, xüsusən də sosiallaşma şəraiti ilə əlaqədar olaraq əksər yazıçılar tərəfindən qəbul edilsə də, azadlığın nə olduğu və sərhəddinin olub-olmaması ilə bağlı müzakirələr azadlığın ümumi qəbul olunmuş tərifindən danışmağı çətinləşdirir. Monteskye azadlığın ümumi tərifini vermənin çətinliyini belə izah edir: “Azadlıq sözü qədər müxtəlif mənalar verilmiş və insan şüurunu müxtəlif üsullarla yormuş başqa bir söz yoxdur”[1, s. 231].

Hüquq anlayışı isə azadlığın qanuni qayda ilə təcəssümüdür. Azadlığa malik olan bir şəxsin bu azadlığından fəal şəkildə istifadə etmək qabiliyyəti qanunla tanınan və qorunan hüquqlar vasitəsilə həyata keçirilir. Misal üçün, hüquqları müdafiə etmək azadlığı “məhkəməyə müraciət etmək hüququ” ilə konkretləşir. Buna görə də, hüquq, "bir şey istəmək və ya qanuni olaraq bir şey tələb etmək səlahiyyətinə sahib olmaq" olaraq təyin edilə bilər[2, s. 140].

Hüquq ictimai qaydanı təmin etmək, insan münasibətlərini tənzimləmək, fərdlərin hüquq və vəzifələrini aşkar etmək, ədaləti bərqərar etmək və mübahisələri həll etmək üçün nəzərdə tutulmuş qaydalar məcmusudur. Tarix boyu insanların bir yerdə yaşamasına imkan verən hüquq bəşəriyyətin ən qədim ictimai quruluşlarından və sivilizasiyanın təməl daşlarından biridir. Hüquq gündəlik həyatdan iqtisadiyyata, siyasətdən ticarətə, ailə həyatından cinayətlə mübarizəyə qədər bir çox sahədə təsirləri ilə cəmiyyətin fəaliyyətini tənzimləyən mühüm ünsürdür.

Hüququn əsas məqsədi insanların birlikdə yaşaya biləcəyi təhlükəsiz, ədalətli və nizamlı bir mühit yaratmaqdır. Bu məqsədlə hüquq ictimai asayişin təmin edilməsi, şəxsiyyətin əsas hüquq və azadlıqlarının qorunması, cəmiyyətdə maraqların toqquşmasının qarşısının alınması, ictimai asayişin yaradılması, cinayətlərin qarşısının alınması və cinayətkarların cəzalandırılması kimi mühüm vəzifələri yerinə yetirir. Hüquq vasitəsilə insanlar arasında münasibətlər cəmiyyətin rifahına və sabitliyinə yönəlmiş müəyyən norma və qaydalar əsasında tənzimlənir.

İnsan hüquqları konsepsiyası: anlayışı

İnsan hüquqları- insanların doğulduğu andan sahib olduqları universal və toxunulmaz əsas hüquq və azadlıqlardır. Bu hüquqlar bütün insanların ləyaqətinə hörmət edən və onu qoruyan qlobal səviyyədə tanınmış qayda və normalarla müəyyən edilir. İnsan hüquqları ədalət, bərabərlik və azadlıq prinsiplərinə əsaslanır və insan şəxsiyyətinə, qanunun aliliyinə və demokratiyaya hörmətin təməl daşlarından biridir.

İnsan hüquqları geniş struktura malikdir və məna baxımından zəngindir. İnsan hüquqları fəlsəfə, sosiologiya, hüquq və beynəlxalq münasibətlər də daxil olmaqla bir çox sosial elmlərə aid olan meta-konsepsiya/norma kimi xarakterizə edilə bilər. İnsan hüquqları hüququnu özlüyündə tanınmış ayrıca hüquq sahəsi kimi müəyyən etmək çətindir. Hüquqlar, azadlıqlar, insan hüquqları kimi anlayışlar fəlsəfə sahəsinə aiddir, lakin konstitusion quruluşa keçidlə bu anlayışlar müəyyən mətnlərdə yer alıb və hüquqi tənzimləmə sahəsinə daxil olub. İnsan hüquqları həm də beynəlxalq sahədə bəyannamələr və müqavilələr vasitəsilə beynəlxalq münasibətlər məsələsinə çevrilmişdir.

İnsan hüquqları insan varlığından irəli gələn və cəmiyyətdən, hökumətdən və ya hər hansı digər şəxsdən asılı olmayaraq mövcud olan hüquqlardır. Bu hüquqlar insanın düşüncə, ifadə, inanc, təhsil, sığınacaq, sağlamlıq, ədalət və təhlükəsizlik kimi əsas ehtiyaclarını ödəməyi hədəfləyir. İnsan hüquqları ümumbəşəri dəyərlərdir və cəmiyyət və dövlət insanların azadlıq və imkanlara malik olmasını təmin etmək üçün məsuliyyət daşıyır.

Bu universal hüquqlar demokratik cəmiyyətin təməl daşıdır və qanunun aliliyini təşviq etməyə, ədaləti təmin etməyə və təhlükəsiz həyat hüququnu təmin etməyə kömək edir. Bu hüquqlar insanlara öz potensiallarını reallaşdırmağa və insan ləyaqətinə uyğun şəkildə layiqincə yaşamağa imkan verir. İnsan haqları insanların fərqli ideyaları, inancları və mədəniyyətləri olsa belə, bərabər hüquqlara malik olması fikrini vurğulayır. Konstitusiyaların, qanunların, hətta beynəlxalq və dövlətlərüstü sənədlərin verdiyi hüquqi təminatlar insan hüquqlarını ancaq müəyyən dərəcədə qoruya bilər. İnsan hüquqlarının səmərəli şəkildə müdafiə olunması və onların həyata keçirilməsi üçün demokratik və mütəşəkkil cəmiyyət bu hüquqları şüurlu şəkildə qorumalıdır.

İnsan hüquqlarının tarixi inkişafı

İnsanın insan varlığı olması faktı insan hüquqları ideyasının başlanğıcıdır.

İnsanın doğulmasından irəli gələn müəyyən hüquqlara malik olması arqumenti formalaşmışdır. Ona görə də insan hüquqları problemi bəşəriyyətin tarixi qədər qədim olsa da, insan hüquqlarının siyasi-hüquqi anlayış kimi meydana çıxması XVII-XVIII əsrlərə təsadüf edir [5, s. 33]. Lakin onun əxlaqi və fəlsəfi əsasları Qədim Yunan və Roma dövrlərinə və orta əsr xristianlığına gedib çıxır. 1215-ci il Magna Charta Libertatum hakimiyyətin səlahiyyətlərini məhdudlaşdırmaq, fərdi hüquq və azadlıqları genişləndirmək və təmin etmək baxımından müasir mənada konstitusiyaların ilk əsas sənədini təşkil etdi.

 İngiltərə, Amerika və Fransada baş verən proseslərlə pozitiv hüquqa keçid başlandı və hakimiyyətin mənafeyindən daha çox insan hüquq və azadlıqlarının tanınması və qorunması zərurətə çevrildi.

Qədim dövrdə insan hüquqları

 İnsan hüquqlarının fəlsəfi anlayış kimi meydana çıxması Qədim Yunan dövrünə təsadüf edir. İnsan hüquqları fəlsəfi cəhətdən Qədim Yunanıstana əsaslansa da, bu dövrdə insan hüquqlarının mövcudluğundan danışmaq mümkün deyil. Bu dövrdə insan cəmiyyətin/dövlətin üzvü, dövlət isə insanın ağası kimi təzahür edirdi. Qədim Yunanıstanda seçmək və seçilmək hüququ qeyd edilsə də, bu hüquq əslində müəyyən bir qrup üçün keçərli idi. Seçmək və seçilmək hüququ yalnız vətəndaşlara verilir,ancaq qədim Yunanıstanda vətəndaş anlayışına qadınlar, qullar, yoxsullar, əcnəbilər və müəyyən yaşdan yuxarı insanlar daxil deyildi. O zamanlar, dövrün mütəfəkkirləri təbirincə desək, əsir və qul kütləsi var idi.

Miladdan əvvəl V əsrdə sofistlər insanı “hər şeyin ölçüsü kimi” qəbul edirdilər. Zehni düşüncəni ön plana çıxaran sofistlər təbiət hadisələrini ağılla izah etməyə çalışaraq fikir azadlığının müdafiəçiləri adlandırılırdı. Bundan əlavə, sofistlər heç kimin Allah tərəfindən qul olaraq yaradılmadığını iddia edirdilər. Bu yanaşma ilə fərdin azadlığını önə çəkdilər. Lakin Aristotel və Platon, sofistlərdən fərqli olaraq, köləliyin məqbul bir vəziyyət olduğunu müdafiə edirdilər. İlkin dövrdə azadlıq ideyasının digər müdafiəçiləri isə stoik mütəfəkkirlərdir. Bu görüşün ən tanınmış mütəfəkkirlərindən biri də Zenondur. Stoiklərə görə, irqindən, dilindən, dinindən və s. fərqi yoxdur, hamının bərabər olduğunu, qardaş-bacı olduğunu bildirərək “dünya vətəndaşlığı”ndan danışırdılar.

 Qədim Romada da vəziyyət heç də fərqli deyildi. Romada insanlar üç kateqoriyaya bölünür: 1)azad adamlar (Roma vətəndaşları) və qullar

  2) ailə başçısı və onun tabeliyində olanlar

  3) xaricilər və vətəndaşlar.

 Bu halda hüquqlar yalnız Roma vətəndaşlarına və ailə başçısına şamil edilir. Əgər ailə başçısı sağdırsa, ailə başçısının tabeliyində olan uşaqlar və qadınlar yaşından və cinsindən asılı olmayaraq qul kimi hüquqlardan məhrum edilirlər[6, s. 55-56].

İnsan hüquqları sahəsində sofist mütəfəkkirlərin müdafiə etdiyindən başqa heç bir müsbət irəliləyiş olmamışdır. Qədim Yunan və Roma hüququnun mütəfəkkirləri fərdi dövlətdən geridə qoyaraq, fərdin varlığının dövlətdən asılı olduğunu müdafiə edirdilər.

Orta əsrlərdə insan hüquqları

Orta əsrlərdə azadlıq fəlsəfəsi və insan hüquqları ideyası hələ yaranmamışdı. “Ancaq Müqəddəs Avqustin və Müqəddəs Tomas kimi bəzi kilsə atalarının töhfəsi ilə insan ləyaqətinə verilən dəyər artır, insanlar Allah qarşısında bərabər və qardaş kimi qəbul edilir, dövləti idarə edənlərdən isə bu təməl prinsipə əməl etmələri istənilir” [7, s. 62].

 “Bütün güc Tanrıdan gəlir” (omnis potestas a deo) ideyası çərçivəsində Aquinas iqtidarın insanlar vasitəsilə Tanrıdan gəldiyini və lazım gəldikdə xalqın iqtidara müqavimət göstərə biləcəyini müdafiə etdi və ilk dəfə “müqavimət haqqı”nı irəli sürdü. Yenə bu dövrdə hakimiyyətin ilk dəfə məhdudlaşdırıla biləcəyi fikrini irəli sürən Padualı Marsilius qanunun aliliyinin, hüquqi dövlətin müjdəçisi kimi qəbul edilir [8, s.129-130].

13-cü əsrdə İngiltərədə feodallarla mərkəzi hökumət arasındakı maraqların toqquşması nəticəsində - buna papalığın və Fransanın məğlubiyyətləri də təsir etdi - Kral Jan Patriotla feodallar arasında bəyannamə tərtib edildi. Həqiqətən, 1215-ci il tarixli Magna Charta Libertatum müasir mənada nə konstitusiya, nə də hüquqlar haqqında qanun layihəsidir. Magna Charta feodalların istəklərinə uyğun olaraq imtiyazlar verməklə kralın feodallara qarşı hakimiyyətinin məhdudlaşdırılmasını qəbul etdi. Bu kontekstdə Magna Charta insan hüquqlarının tanınması, təminatların verilməsi və səlahiyyətlərin məhdudlaşdırılması baxımından müasir konstitusiyaların ilk əsas sənədi hesab oluna bilər [5, s. 54].

Yeni Dövrdə İnsan Hüquqları

Erkən və orta əsrlərdə hüquq və azadlıqlar sahəsində bir sıra arqumentlər irəli sürülsə də, insan hüquqlarının siyasi-hüquqi anlayış kimi meydana çıxması 17-18-ci əsrlərə təsadüf edir. Yeni dövr insan hüquqlarının fəlsəfi mübahisənin məhsulu olmaqdan çıxdığı və dövlətin konstitusiya hüquq sistemi ilə bağlı məsələyə çevrildiyi dövr idi. Qədim dövrdəki təbii hüquq anlayışı orta əsrlərdə qanuni nizama ilahi iradənin və ilahi qanunların hakim olduğu dövrlə əvəz olundu. Yeni Əsr isə təbii hüquq anlayışının yenidən hökm sürdüyü və başqa bir hüquq sahibinin iradəsindən asılı olmayan insanın yalnız insan varlığı olmasından irəli gəldiyi və dövlət tərəfindən hüquqi mətnlər vasitəsilə qorunmağa başlanıldığı bir dövr olmuşdur.

 “Həqiqətən də liberalizm tarixən Yeni dövrün intellektual mühitində və yeni ictimai-siyasi formasiyaların meydana çıxması ilə yaranmışdır”[9, s. 51]. İnsan hüquqları ideyası ilk dəfə “təbii hüquqlar” doktrinası kimi liberalizmin öncülü, mülkiyyət nəzəriyyəçisi və sosial müqavilə nəzəriyyəçisi Con Lokk tərəfindən müdafiə edilmişdir. Con Lokkun fikrincə, təbii olaraq tam azadlıq və bərabərlik içində yaşayan insanlar başqa insanlardan icazə almadan və başqa bir insanın iradəsinə bağlı olmadan istədiklərini edə və öz hüquqlarından sərbəst şəkildə istifadə edə bilərlər. Lokk və onun təbii hüquqlar nəzəriyyəsi müsbət hüquqa keçiddə mühüm rol oynayır. Aşağıdakı başlıqda qeyd edildiyi kimi, təbii hüquqlar nəzəriyyəsi Qərb hüquq mətnlərinin intellektual infrastrukturunu təşkil etmiş və insan hüquqları fəlsəfi fikrin hüquqi mətnlərə əks olunması kimi meydana çıxmışdır. Bu səbəbdən Con Lokk Amerika Müstəqillik Bəyannaməsi və Fransa İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinin yaradıcısı kimi tanınır.

İnsan hüquqlarının inkişafında Fransa və Fransa İnqilabının xüsusi əhəmiyyəti var. Bir eranı bağlayan və yeni bir era açan 1789-cu il Fransa İnqilabı dünya siyasi tarixində insan hüquqlarının dünyaya yayılmasına şərait yaradan, konstitusionalizm hərəkatlarını başlatan, milli dövlət quruluşunu yaradan və bir çox inqilablara öncülük edən ən mühüm inqilabi hərəkatdır. 1789-cu il Fransa İnqilabından sonra konstitusiya komissiyası yaradıldı və konstitusiyanın yaradılması prosesi başladı. Lakin siyasi-ictimai quruluşu tam bərqərar etmək mümkün olmadığından bu proses 1791-ci il sentyabrın 3-də konstitusiyanın qəbul edilməsinə qədər uzadıldı.

İnsan hüquqlarının beynəlxalq arenada tanınması və dövlətüstü doktrinaya çevrilməsi

İkinci Dünya Müharibəsinə qədər insan hüquqlarının qorunması və təminatı konstitusiya və daxili qanunvericilik məsələsi kimi qəbul edilirdi. Lakin İkinci Dünya Müharibəsindən sonra beynəlxalq səviyyədə diqqət mərkəzinə çevrildi. Bu dövrə qədər şəxslər milli qanunvericilik çərçivəsində hüquq və azadlıqlara malik ola, bu hüquq və azadlıqların həyata keçirilməsini və qorunmasını tələb edə bilərdilər. İkinci Dünya Müharibəsindən sonra yaradılmış təşkilatlar və konvensiyalarla fərd vətəndaşı olduğu dövləti öz hüquqlarını yerinə yetirməyə məcbur etmək, hətta bir dövlətin digər dövlətə qarşı törətdiyi hüquqların pozulmasına müdaxilə etmək səlahiyyəti əldə etmişdir.

1941-ci ildə, ABŞ müharibədən kənarda olduqda, ABŞ prezidenti Franklin D. Ruzvelt məşhur çıxışında "dörd fundamental azadlıq üzərində qurulmuş bir dünya həsrətini" ifadə etdi. Ruzvelt bu azadlıqları “söz və ifadə azadlığı”, “din və vicdan azadlığı”, “yoxsulluqdan azad olmaq” və “qorxudan azad olmaq” kimi sıralamışdır[11, s. 21]. Ruzveltin atdığı bu addım digər dövlətlər tərəfindən də qəbul edilmiş və bir çox görüşlərdə məsələ qaldırılmışdır. Nəhayət, 1945-ci il iyunun 26-da San-Fransiskoda 50 dövlət nümayəndəsinin iştirakı ilə “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi” qəbul edildi.

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin Preambula hissəsində bəyan edilir: Biz, BMT-nin xalqları “gələcək nəsilləri ağlasığmaz iztirablar gətirən müharibə fəlakətindən qorumaq, fundamental insan hüquqlarına inamı bir daha təsdiqləmək, daha yaxşı və təhlükəsiz şəraiti təmin etmək əzmindəyik!”.

İnsan hüquqlarının predmeti fərdlə dövlət arasında şaquli, bəzi hallarda isə fərdlər arasında üfüqi münasibətdir. Ona görə də insan hüquqlarının müdafiəsi ilk növbədə milli qanunvericiliyə aiddir. Ancaq insan hüquqlarını daxili qanunvericiliklə qorumaq və pozuntuların qarşısını almaq mümkün olmadığından ikinci dərəcəli müdafiəyə ehtiyac olduğu danılmaz bir həqiqət idi. Beləliklə, BMT-nin yaranması ilə insan hüquq və azadlıqları daxili qanunvericilik məsələsi olmaqdan çıxdı və beynəlxalq miqyas aldı. BMT Nizamnaməsi insan hüquqları və müqaviləyə daxil edilmiş digər məsələlərlə bağlı üzv dövlətlərin üzərinə bir sıra öhdəliklər qoyur və bu kontekstdə insan hüquqlarının müdafiəsi və təşviqi istiqamətində əməkdaşlıq dövlətlər üçün bir öhdəlik kimi göstərilir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ( 10 dekabr 1948 )

Birləşmiş Millətlər Təşkilatının yaradılması insan hüquqlarına hörmətin inkişafında və onların beynəlmiləlləşdirilməsində mühüm hadisə olsa da, BMT Nizamnaməsinə insan hüquqlarının siyahısı daxil edilməmişdir. BMT Nizamnaməsindəki bu boşluğu Ümumdünya İnsan Hüquqları Bəyannaməsi doldurdu. Beynəlxalq insan hüquqları xartiyasının layihəsi ilkin olaraq Panama tərəfindən BMT Baş Assambleyasının birinci iclasına təqdim edilib. Bu kontekstdə “İnsan Hüquqları üzrə Komissiyası”nın yaradılması təşəbbüsü irəli sürülüb[11, s. 25]. 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyası 48 lehinə və 8 bitərəf səslə “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”ni (ÜİHB) qəbul etdi. SSRİ, Yuqoslaviya, Səudiyyə Ərəbistanı, Polşa, Ukrayna, Belarus, Çexoslovakiya və Cənubi Afrika İttifaqı ideoloji və mədəni səbəblərə görə BMT Baş Assambleyasında səsvermədə bitərəf qaldı.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin mahiyyəti ilə bağlı müxtəlif yanaşmalar ortaya çıxdı. Bununla belə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin dövlətlər arasında imzalanmış müqavilə deyil, daha çox beynəlxalq aləmdə dərc olunan bəyannamə olduğu qəbul edilir. BMT Nizamnaməsinin müvafiq maddələrində qeyd olunur ki, Baş Assambleyanın qətnamələri məsləhət xarakteri daşıyır. Bu səbəbdən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin Baş Assambleyanın qərarı ilə qüvvəyə mindiyi üçün imzalayan dövlətlər üzərinə öhdəlik qoymadığı, sadəcə məsləhət xarakterli qətnamə olduğu iddia edilir. Bir çox müəlliflər və hüquqşünaslar iddia edirdilər ki, bu Bəyannamə insan hüquqlarının beynəlmiləlləşməsinə və dövlətlərarası hüququn genişlənməsinə töhfə verib. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi insan hüquqlarına dair beynəlxalq və regional konvensiyalar və hətta konstitusiyalar üçün əsas olmuşdur və müvafiq mətnlərdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə istinad edilmişdir.

Ümumi olaraq 30 maddədən ibarət olan bu Bəyannamədə bir sıra hüquq və azadlıqlar müəyyən edilmişdir. Bu siyahıya daxildir: Yaşamaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq hüququ, işgəncəyə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəzaya məruz qalmamaq hüququ, qanun qarşısında bərabərlik, məhkəmələrə müraciət etmək hüququ, özbaşına həbs edilməmək, tutulmamaq və ya deportasiya edilməmək hüququ, ədalətli məhkəmə araşdırması hüququ, təqsirliliyi sübuta yetirilməyənə qədər günahsız hesab edilmə hüququ, şəxsi toxunulmazlıq hüququ, sığınacaq hüququ, istirahət və iş vaxtının məhdudlaşdırılması və ödənişli məzuniyyət hüququ, minimum yaşayış şəraiti hüququ, işləmək hüququ, bərabər iş üçün bərabər ödəniş, ədalətli əmək haqqı,iştirak etmək hüququ mədəni fəaliyyətdə, elm, ədəbiyyat və incəsənət əsərlərindən irəli gələn maraqların müdafiəsi hüququ, vətəndaşlıq hüququ, ailə hüququ, mülkiyyət hüququ, düşüncə, din və vicdan azadlığı, ifadə azadlığı, toplaşmaq və birləşmək azadlığı, İctimai işlərin idarə edilməsində iştirak, Sosial təminat hüququ, Təhsil və təlim hüququ.

Gördüyünüz bu hüquq və azadlıqlar siyahısı insan hüquqlarının çərçivəsini müəyyən etmiş və heç bir məhdudiyyətə məruz qoymamışdır.Daha əvvəl də qeyd edildiyi kimi, insan hüquqlarının məhdudlaşdırılmaması hüquqi müdafiə və hüquqlardan sui-istifadə baxımından problemlər yaradır. İnsan Hüquqlarının Ümumdünya Bəyannaməsi iştirakçı dövlətlər tərəfindən imzalanmış müqavilə olmadığı üçün hüquqi qüvvəyə malik deyil. Ona görə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsi norma kimi qəbul edilir. Lakin Bəyannamədə insan hüquqlarının müdafiəsi çərçivəsində heç bir müdafiə mexanizmi hazırlanmamışdır. Bu kontekstdə bu çatışmazlığı aradan qaldırmaq üçün BMT-nin müvafiq qurumları tərəfindən 9 əsas konvensiya hazırlanmış, Baş Assambleyada qəbul edilmiş və iştirakçı dövlətlər tərəfindən imzalanmışdır. Bu konvensiyalar və onlara əlavə edilmiş protokollardan bəzilərini qeyd edək : İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya(7 mart 1966-cı il), İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Konvensiya (16 dekabr 1966), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (16 dekabr 1966-cı il), Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya (18 dekabr 1979-cu il),  İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı Konvensiya (10 dekabr 1984-cü il) və.s

BMT-nin qəbul etdiyi bu konvensiyalar xüsusi məsələlərə əsaslanır. Bu konvensiyaların ən mühüm xüsusiyyəti onların iştirakçı dövlətlər üçün məcburi xarakter daşıması və insan hüquqlarının müdafiəsi mexanizmlərinin olmasıdır. Bu kontekstdə insan hüquqları BMT tərəfindən beynəlxalq səviyyədə tanınır və qorunur.

 

 

İstifadə olunmuş mənbələr:

1)Montesquieu,Kanunların Ruhu(Çev.Fehmi Baldaş),Toplumsal Dönüşüm,İstanbul, 1998

2) Erdoğan,Mustafa, Anayasal Demokrasi, Siyasal Kitabevi, Ankara, 2014

3) https://www.un.org/en/universal-declaration-human-rights/

4) https://www.britannica.com/topic/Universal-Declaration-of-Human-Rights

5) Kaboğlu, İbrahim Ö., Özgürlükler Hukuku 1, İmge Yayınevi, Ankara, 2013

6) Atalay, “H., Hukuk Sistemleri ve Türk Hukuk Tarihi, İçinde; Hukukun Temel Kavramları”, U. Aydın ve E. Sütken. (Ed.), Eskişehir, Anadolu Üniversitesi Basımevi, 2016

7) Terzi, Mahir, İnsan Haklarının Bölgesel Düzeyde Korunması Üzerine Bir İnceleme:

8) GÖZLER, Kemal, İnsan Hakları Hukuku, Ekin, 2018

9) ERDOĞAN, Mustafa, “Liberalizme Yeniden Bakış: Tarihi ve Felsefi Temelleri”, Liberalizm El Kitabı içinde, Editör Cennet USLU, Kadim Yayınları, Ankara, 2013

10) Jack Donnelly, Universal Human Rights in Theory and Practice,Cornell University Press, 2013

11)KAPANİ,Münci,İnsan Haklarının Uluslararası Boyutları,Bilgi Yayınevi,Ankara, 1996

12) Gustav Radbruch, Hüquq Fəlsəfəsi (Tər. Ə.Hüseynov),Qanun nəşriyyatı,Bakı,2016

 

The Universal Declaration of Human Rights and its role in the development of human rights in modern times.

Summary

The concept of human rights, one of the highest values that humanity has carried into the 21st century, It expresses a fundamental value that is today universally recognized. In today's world, human rights, as a whole, have become the criterion of respectability and legitimacy of political ideas and governments. It is not possible for a political idea that has not internalized human rights or a political administration that recklessly violates these rights to be respected and accepted as legitimate.

For this reason, all political systems and almost all states on earth recognize human rights, at least verbally, and declare that they will respect them. This situation clearly shows that the idea of human rights also has universal approval..

 

Универсальная декларация прав человека и ее роль в развитии прав человека в современную эпоху.

Резюме

Концепция прав человека, являющаяся одной из высших ценностей, которую человечество перенесло в XXI век, выражает фундаментальную ценность, которая сегодня является общепризнанной. В современном мире права человека в целом стали критерием респектабельности и легитимности политических идей и правительств. Невозможно уважать и считать легитимной политическую идею, не усвоившую права человека, или политическую администрацию, бездумно нарушающую эти права.

Именно поэтому все политические системы и почти все государства на Земле признают права человека, по крайней мере, на словах, и заявляют о том, что будут их соблюдать. Такая ситуация наглядно показывает, что идея прав человека также имеет всеобщее одобрение.

Mammadov Ilkin

I’m Ilkin Mammadov, and I’m thrilled to have you here. This space is a reflection of my journey as a law student with a passion for exploring the vast realms beyond legal texts. Whether you’re here for insights on law, musings on philosophy, or to share in the wonders of the universe, you’re in the right place.

Related Posts

Stay in Touch

Thank you! Your submission has been received!

Oops! Something went wrong while submitting the form